Küçələrə su səpmişəm

“Küçələrə su səpmişəm” — 2004-cü ildə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor Nicat Feyzullayev tərəfindən lentə alınmış, dram janrlı bədii film-pritçadır. Görkəmli yazıçı İsi Məlikzadənin eyniadlı povesti əsasında ssenariləşdirilən bu ekran əsərinin musiqisini bəstəkar Rauf Əliyev bəstələmişdir.
Hadisələr Xəlil (Fuad Poladov) və Bəhmən (Rasim Balayev) adlı iki əmioğlunun təzadlı taleyi ətrafında cərəyan edir. Gənclik illərində Bəhmənin əlindəki ov tüfənginin təsadüfən açılması ilə baş verən ölüm hadisəsinin cəzasını, onun parlaq gələcəyini qorumaq istəyən Xəlil öz üzərinə götürür və heç bir günahı olmadan uzun illər həbsxanada yatır. Bu illər ərzində Bəhmən ali təhsil alaraq tanınmış həkim və professor mərtəbəsinə yüksəlir, Xəlil isə azadlığa çıxdıqdan sonra kənddə sadə, lakin mənən təmiz bir həyat sürməyə başlayır. İllər sonra Bəhmənin kəndə gəlişi ilə iki əmioğlu yenidən qarşılaşır. Xəlil keçmişi unudub onu doğmalıqla qarşılasa da, Bəhmənin yenidən ova getmək həvəsini görəndə dəhşətli bir həqiqəti anlayır: gəncliyini qurban verdiyi insan keçmiş səhvlərindən heç bir dərs çıxarmayıb və daxilən tamamilə korlanıb. 
Fuad Poladov, Rasim Balayev və Mehriban Zəki (Teybə) kimi ustad aktyorların təkrarolunmaz ifası ilə zənginləşən bu film, fədakarlıq, vicdan, mənəvi aşınma və "insanın qarşılaşdığı çətinliklərə özünün sinə gəlməsi" ideyasını aşılayan çox təsirli bir ekran əsəridir