Qırmızı bağ

“Qırmızı bağ” — 2016-cı ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə Rusiyanın "WeiT Media" şirkətinin birgə istehsalı olan, dram və psixoloji-pritça janrlı tammetrajlı bədii filmdir. Ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli olan bu ekran əsərinin musiqisini tanınmış bəstəkar Salman Qəmbərov bəstələmişdir. 
Hadisələr Azərbaycanın əyalət şəhərlərindən birində (əsasən Şəkidə) baş verir. Orta məktəb müəllimi olan Abbas (Maqsud Məmmədov) nəsillərinin davamçısı olacaq bir oğlan uşağının dünyaya gəlməsini çox istəyir. Lakin onun musiqi müəlliməsi olan xəstə həyat yoldaşı Vəfa (Gülzar Qurbanova) səhhətinə görə bu istəyi yerinə yetirə bilmir. Onların həyatı Orxan (Taleh Bədiyev) adlı kimsəsiz bir uşağın bu ailəyə gəlməsi ilə tamamilə dəyişir və bu üç insanın taleyi ölüm-dirim mübarizəsinə çevrilir. Film insanın öz daxili eqoizminə qalib gəlməsindən, mənəvi tənhalıqdan və "Qırmızı bağ" metaforası vasitəsilə insana, təbiətə və bütün canlılara bəslənilən saf sevgidən bəhs edir. 
Maqsud Məmmədov və Gülzar Qurbanova kimi ustad aktyorların dərin psixoloji ifası, eləcə də operator Maksim Drozdovun füsunkar təsvir həlli ilə zənginləşən bu ekran əsəri 30-dan çox beynəlxalq festivalda iştirak etmiş və bir çox mükafatlar qazanmışdır