Görkəmli dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" faciə pyesinin motivləri əsasında Xalq yazıçısı Elçinin ssenarisi ilə ərsəyə gələn, musiqisini isə Polad Bülbüloğlunun bəstələdiyi bu möhtəşəm ekran əsəri, XVIII əsrin sonu — XIX əsrin əvvəllərində Qarabağ xanlığının Rusiya və İran imperiyaları arasındakı qanlı müharibələr, siyasi intriqalar fonunda sıxışdırılmasından və hökmdar İbrahimxəlil xanın (Fəxrəddin Manafov) faciəvi taleyindən bəhs edir. Əsasən Şəki şəhərində və tarixi məkanlarda naturadan çəkilən, 200-dən çox insanın və tanınmış rusiyalı aktyorların da cəlb olunduğu kütləvi səhnələrlə zəngin olan filmdə, Azərbaycan xanlıqlarının vahid bir dövlət şəklində birləşə bilməməsi ucbatından torpaqlarımızın zəbt edilməsi, hökmdarın siyasi meydanda tək qalması və sonda ailəsi ilə birlikdə xaincəsinə qətlə yetirilməsi dövlətçilik ideologiyası prizmasından ustad aktyorların dərin psixoloji ifaları ilə təsirli bir şəkildə canlandırılır
